+
-
10.12.2014
10.12.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2014-cü ilin noyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 19 halda 25 nəfər saxlanmışdır. Onların 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, 4  nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Türkiyə, 3 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası və Moldova vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 halda 18 nəfər, Xəzər dənizində 15 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər ğörülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 20 kiloqram 791 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Noyabr ayının 15-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonunun Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Əziməmməd Nadir oğlu saxlanılmış, ona məxsus olan bağlamada 7 kiloqram həşiş qətranı, noyabr ayının 17-də Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində torpağa basdırılmış 5,8 kiloqram marixuana, 5 kiloqram tiryək aşkar olunaraq götürülmüşdür.

“Astara” sərhəd nəzarəti məntəqəsində noyabrın 8-də İran İslam Respublikasından Azərbaycana gələrkən Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Həsənov Asəf Məmmədağa oğlunun üzərinə baxış keçirilərkən idman ayaqqabılarının içərisindən 210 qram heroin, əl yükünün içərisindən 920 milliqram metodon məhlulu, “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində noyabrın 16-da İran İslam Respublikasından Azərbaycana keçən Mingəçevir şəhər sakini, 1968-ci il təvəllüdlü Rəhimov Nizami Vaqif oğlunun əl yükündən 700 milliqram metodon məhlulu, noyabrın 23-də İran İslam Respublikasından Azərbaycana gələn Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Əhmədova Fəridə Firudin qızının belinə bağlanmış  2,3 kiloqram marixuana aşkar olunaraq götürülmüşdür.

Noyabrın 16-da “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçən Göyçay rayon sakinləri, 1970-ci il təvəllüdlü Abdurrəhmanov Ruslan Vaqif oğlunun bədəninin daxili orqanlarında gizlətdiyi 50 qram tiryək və 41 qram heroin, 1970-ci il təvəllüdlü Şəfiyev Sabir Cabir oğlunun bədəninin daxili orqanlarında gizlətdiyi 51 qram tiryək, 56 qram heroin aşkarlanaraq götürülmüşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 73 halda ümumi dəyəri təqribən 553 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 7 ədəd 16 mm-lik patron, 3 ədəd tapança, pnevmatik tapança üçün 1000 ədəd patron və 2 ədəd qaz balonu, 1 kq barıt, 44342 ədəd pirotexniki vasitə, 1,3 kq qızıl zinət əşyaları, 6092 qutu siqaret, 2 ədəd rezin qayıq, 264 ədəd mobil telefon, müxtəlif dərman preparatları və istehlak malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

f tw