+
-
20.10.2014
20.10.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

19 oktyabr  2014-cü il saat 09:00-da tarixində Dövlət Sərhəd Xidmətinin Akademiyasında gənc kursantların Azərbaycan Respublikasına, Vətənə və xalqa sədaqət andını – Hərbi Andı qəbul etmələri münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Akademiyasının “Döyüş bayrağı”nın sıra meydanına gətirilməsi ilə başlayan mərasim hərbi ənə­nə­lə­rə uyğun olaraq cari ildə DSX Akademiyasına qəbul olunmuş kursantların hərbi anda gətirilmələri ilə davam etmişdir.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdıran DSX Akademiyasının rəisi general-mayor A.Məmmədov Azərbaycan sərhəd müha­fizəsi üçün peşəkar zabitlərin hazırlanması işinin Azərbaycan Respub­lika­sı­nın Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi qayğı­sı ilə əhatə olunduğunu,  Akademiyanın şəxsi heyətinin üzərilərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etmələrini və bundan şərəf duymalarını xüsusi vurğulamışdır.

General-mayor A.Məmmədov mərasimdə iştirak edən kursant valideynlərinə və ailə üzvlərinə müraciət edərək, övladlarının sərhədçi zabit olmaq yolunu seç­mək­lə, Vətənə layiqli müdafiəçi, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələri işinin daim diqqət mərkəzində olacağını, Akademiyanın zabit,gizir, professor-müəl­lim heyə­tinin bütün bilik, təcrübə və bacarıqlarını onlardan əsirgəmə­yəcək­lə­ri­ni bildirmişdir.

Gənc kursantlar adından Əsgərov İbrahim çıxış edərək komandir və valideynləri qarşısında sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçi adını daim uca tuta­caq­larına söz vermişdir.

Valideynlər sırasından  Əliyev İlqar DSX Akademiyasında övladının təhsil almasından şərəf hissi keçirməsindən danışmış, gənc kursantlara dövlətinə, andına sadiq qalaraq mətin, mərd bir zabit kimi yetişmələrini,Vətən torpaqlarının müda­fiə­sinə hazır olmalarını arzulamışdır.

Mərasimin  rəsmi hissəsinin sonunda gənc kursantlar təntənəli marşın sədaları altında tribuna önündən  keçmişlər.

Daha sonra Akademiyanın akt zalında kursantların valideynləri və ailə üzvlərilə görüş keçirilmişdir. Görüşdə qonaqlara Akademiya barəsində məlumat verilmiş və kursantların təlim-tərbiyəsində onların yaxından iştirak etmələrinin vacibliyi xüsusi qeyd olunmuşdur.Qonaqlar DSX Akademiyası ilə tanış edilmiş və yeməkxanada kursantlarla birgə nahar etmişlər.    

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

 

f tw