+
-
12.06.2014
12.06.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Cari ilin iyun ayının 3-dən 11 –dək Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95 illiyinə həsr olunmuş “Sərhəd”hərbi idman oyunlarının final mərhələsi keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə qərarı əsasında təşkil olunan və ənənəvi hal almış bu hərbi idman oyunları gənc nəslin vətənpərvərlik ,  Azərbaycan dövlətçiliyinə sədaqət,  dövlət sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

Üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 27 sərhədyanı rayonun 176 məktəbinin 880 şagirdi iştirak etmişdir.

İlk iki mərhələdə yarışların qalibi olmuş 8 komanda- Ordubad rayonunun internat məktəbinin, Füzuli rayonunun Horadiz şəhər 1saylı tam orta məktəbinin, Cəlilabad rayonunun Ləkin, Lerik rayonunun Kəlvəz, Qusar rayonunun Yuxarı Zeyxur,  Şəki rayonunun Şin,  Zaqatala rayonunun Danaçı, Ağstafa rayonunun Sadıxlı kənd orta məktəbinin komandaları final mərhələsinə vəsiqə qazanmışlar.

Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açma”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik”mərhələlərində öz bacarıqlarını nümayiş etdirmişlər.

Doqquz gün ərzində iştirakçılar asudə vaxtlarında Astara şəhər Tarix və Diyarşünaslıq muzeyinə, Astara şəhərindəki Heydər Əliyev parkına ekskursiyalara aparılmış , Astara rayon Gənclər Turizm İdarəsinin bədii özfəaliyyət kollektivinin yarış iştirakçıları qarşısında konsert proqramı ilə çıxışı təşkil edilmiş, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılmışlar.

Oyun zamanı toplanan ümumi balların miqdarına görə Cəlilabad  rayonunun Ləkin kənd orta məktəbinin “Ləkin” komandası birinci, Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin “Xəzər”komandası ikinci, Lerik rayonunun Kəlvəzkənd orta məktəbinin “Kəlvəz” komandası isə üçüncü yeri tutmuşdur.

İyun ayının 11-də Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor A. Ələkbərov, Astara rayon Gənclər  və İdman İdarəsinin rəisi Ə.Əliyev, Lənkəran rayon təhsil şöbəsinin rəis müavini G. Bağırov və Lənkəran rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi N. Vəliyev çıxış edərək “Sərhəd” hərbi- idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulamışlar.

Tədbirdə qaliblər kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 

          Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw