+
-
27.10.2022
27.10.2022, 11:35 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilmiş, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçmışlar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw