+
-
24.09.2022
24.09.2022, 08:11 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

Sentyabr ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi ilə “Əsgərə məktub” layihəsi üzrə tədbir keçiril­miş­dir.

Tədbirdən öncə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin nümayəndələri Sahil Mühafizəsinin Heydər Əliyev ideoloji mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanışlıqdan sonra Ulu Öndərin büstü önünə gül dəstələri düzülmüş, Vətən müharibəsində şəhid olan Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilmişdir.

Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə çıxış edənlər ölkəmizin müqəddəs sərhədlərinin etibarlı mühafizəsini və müdafiəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin fəaliyyətində hərbi-vətənpərvərlik tərbiyyəsinin mühüm yer tutduğu vurğulanmış və bu istiqamətdə mütəmadi olaraq müxtəlif tədbirlərin həyata keçirilməsi qeyd olunmuşdur. Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidməti və ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən hərbi-vətənpərvərlik tədbirlərinin xüsusi yer tutması bildirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ideyası, təşəbbüsü və siyasi iradəsinin nəticəsi kimi yaranmış ASAN Xidmətin ölkəmizin brendinə çevrilməsi, həmçinin çoxsaylı uğurlara nail olması, dünyanın bir çox qabaqcıl ölkələrinin bu xidmətin təcrübəsindən bəhrələnməsi qüruruverici bir hal kimi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

“Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar matroslara çatdırılmışdır. Xalqımızın Vətən keşiyində dayanan cəsur övladlarına sonsuz güvən hissinin və rəğbətinin qeyd olunduğu məktublar tədbir iştirakçılarına duyğulu anlar yaşatmışdır.

ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyinin “Əsgərə məktub” layihəsi iştirakçıları Sahil Mühafizəsinin bazasında Sərhəd gözətçi gəmiləri, Gəmi Təmiri Zavodu, Tədris Mərkəzi, Komanda İdarəetmə Mərkəzi və Sahil Mühafizəsinin Muzeyi ilə tanışlıqdan sonra DSX-nin Kinoloji Mərkəzində sərhədçi kinoloq-mütəxəssislərinin xidməti itlərlə nümunəvi çıxışlarını izləmişlər.

Könüllülər tərəfindən hazırlanmış konsert proqramı tədbir iştirakçılarına təqdim olunmuşdur.

Sonda ASAN Könüllüləri matroslarla nahar etmiş və xatirə şəkilləri çəkdirmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

f tw