Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tarixi zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizəsinin 103 illik tarixinin şanlı səhifələrini ən yüksək əhval-ruhiyyə, Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur hissi ilə qarşılayırlar.
Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilmişdir. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Sonra Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 103-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 103-cü ildönümü münasibətilə şəxsi heyəti təbrik etmişdir.
Çıxışda dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri, yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad olunmasında qəhrəmanlıq və igidlik salnamaləri yazmaları, müharibə aparma təcrübəsində müasir texnologiyaları tətbiq etməklə ölkəmizin hərb tarixinə yeniliklər gətirmələri vurğulanmışdır.
Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinin sürətlə davam etdirildiyi, qısa müddət ərzində azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradıldığı, sərhəd döyüş məntəqələrinin fəaliyyətə başladığı, müvafiq sahələrdə sərhəd nəzarəti işinin təşkilinə başlanıldığı bildirilmişdir.
General-polkovnik E.Quliyev dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edən, üçrəngli dövlət bayrağımız altında milli maraqlarımızı ən yüksək səviyyədə qorumaqdan qürur duyan sərhədçilərin gələcəklərinə inamla baxdıqlarını, bu inamın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrdən qaynaqlandığını vurğulamışdır.
Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust tarixli Sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilmişlər.
Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin əlamətdar gün münasibətilə hazırladıqları bayram konsertini izləmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi