+
-
17.06.2022
17.06.2022, 09:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İyun ayının 16-da Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 30 illik yübileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbir iştirakçıları və dəvət olunmuş qonaqlar əvvəlcə hərbi hissədə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.

Tədbirdə Azərbaycan Respublikasının şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissənin bu illər ərzində keçdiyi şərəfli inkişaf yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Xudat sərhəd dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edərək hazırda Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi hissələrindən biri olması xüsusi qeyd edilmişdir.

Çıxış edənlər Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin bütün sahə­lərində vüsət alan tərəqqi və dirçəliş sayəsində ilk dönəmlərdə heç bir sərhəd mühafizə infrastrukturu olmayan şimal sərhədlərimizdə böyük tikinti-quruculuq işlərinə başlanıldığı, sərhəd dəstəsinin qarnizonunun, 19 sərhəd zastavasının, 3 sərhəd komendantlığının, 2 sərhəd nəzarəti məntəqəsinin inşa edilməsi, 11 ikimərtəbəli 66 mənzilli yaşayış kompleksinin sərhədçilərin istifadəsinə verilməsinin dövlətimizin sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqətinin ifadəsi olması vurğulanmışdır.

Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı məsələlərinə hər zaman ciddi önəm verən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Xudat sərhəd dəstəsinə 4 dəfə səfər etməsi sərhədçilərə olan inam və etimadın təzahürü olmaqla yanaşı, Ali Baş Komandanla görüşmək şərəfinin şəxsi heyətdə böyük ruh yüksəkliyi, sərhədçi adını hər zaman qürurla daşımaq əzmini yaratması bildirilmişdir.

Tədbirdə xidməti-döyüş fəaliyyətində və hərbi əməkdaşlıqda fərqlənmiş hərbi qulluqçular və veteran sərhədçilər, həmçinin hərbi hissənin əsasının qoyulduğu gün – 1992-ci ilin 16 iyun tarixində ilk dəfə Samur körpüsü üzərində sərhəd nəzarəti xidmətinə çıxmış şəxslər təltifləndirilmiş, hərbi hissənin formalaşdığı ilk dövrlərdə sərhədçilərə yaxından köməklik göstərən yerli sakinlərə, sərhədyanı rayonların dövlət orqanlarının əməkdaşlarına qiymətli hədiyyələr verilmiş və fəxri fərmanlar təqdim olunmuşdur.

Tədbirin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatmışdır.

Sonra tədbir iştirakçıları hərbi hissədə əsaslı təmir olunmuş binalara baxış keçirmişlər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin hərbi orkestri və Mədəniyyət mərkəzinin kollektivi konsert proqramı ilə çıxış etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw