+
-
25.05.2022
25.05.2022, 15:52 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 25-də Dövlət Sərhəd Xidmətinin Aparatında istefada olan sərhədçi general-mayor Abbasəli Ramazan oğlu Novruzovun anadan olmasının 85 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Yubiley tədbirində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər şəxslər, qurumun şəxsi heyəti, həmçinin istefada olan sərhədçi general-leytenant İnayət Xəlilov və general-mayor İsgəndər Allahverdiyev iştirak etmişlər.   

Tədbirdə çıxış edənlər həyatını Vətənimizin hüdudlarının qorunmasına həsr etmiş general-mayor Abbasəli Novruzovun keçdiyi şərəfli ömür və xidmət yoluna nəzər salmış, ömrünün 57 ilini sərhədlərin mühafizəsi işinə həsr edən Abbasəli Novruzovun xidmət etdiyi bütün vəzifələrdə ona göstərilən etimadı ləyaqətlə doğrultduğunu vurğulamışlar.

Hələ sovetlər dönəmində ölkəmizin sərhədlərinin qorunması üçün milli sərhədçi kadrların yetişdrilməsinə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində sərhəd mühafizəsində azərbay­canlı zabitlərin sayının artması, onların yüksək vəzifələrə irəli çəkilməsi qeyd olunmuşdur.

1979-cu ildə Abbasəli Novruzovun Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və "SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı" adına layiq görüldüyü, 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra təcrübəsinə və yüksək peşəkarlığına yaxşı bələd olduğu Abbasəli Novruzovu yenidən xidmətə qaytararaq Azərbaycanın Milli Təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin etdiyi və az sonra general-mayor hərbi rütbəsinə layiq gördüyü vurğulanmışdır.

General-mayor Abbasəli Novruzovun  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2017-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunması qeyd edilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik E.Quliyev yubilyarı təbrik etmişdir.  

Abbasəli Novruzovun ömrünü sərhəd təhlükəsizliyinin təminatına həsr edərək sərhədlərimizin etibarlı mühafizəsinin təşkili sahəsində uğurla fəaliyyət göstərdiyini vurğulayan general-polkovnik E.Quliyev onun şərəfli xidmət yolunun gənc sərhədçilər üçün  örnək və nümunə olduğunu qeyd etmişdir.

Tədbirin sonunda 85 illik yubileyi münasibətilə yubilyara xatirə hədiyyəsi, həmçinin general-mayor Abbasəli Novruzova, general-leytenant İnayət Xəlilova və general-mayor İsgəndər Allahverdiyevə “Şücaətə görə” medalları təqdim olunmuş, xatirə fotoşəkilləri çəkdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat  Mərkəzi

f tw