+
-
10.05.2022
10.05.2022, 16:27 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 10-da Dövlət Sər­həd Xidməti Akade­miyasının 11-ci buraxılışı münasibətilə təntənəli məra­sim keçiril­miş­dir.

Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər.

Dövlət Bayrağı Meydanında təşkil edilmiş təntənəli məra­simdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının mey­dana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul etmişlər.

Diplomlar təqdim olunduqdan sonra məzunlar adından çıxış edən leytenant Ramal Əsədov Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə da­ya­nacaqlarından qürurlan­dıqlarını ifadə etmiş, sərhədçi peşə­si­nin sirrlərinə dərindən yiyələn­məkdə, Akade­miyanı uğurla başa vur­maq­da əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdar­lı­ğı­nı bildirmişdir. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Ba­bayev çıxış edərək tədbir iştirakçılarını təbrik etmişdir.

Dövlət Sərhəd  Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri müna­sibətilə məzunları təb­rik etmiş, gənc leytenantların Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduqları dövrün Azər­baycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsa­düf etdiyini xüsusi vurğulamışdır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu və uzaqgörənliklə müəy­yən­ləşdirdiyi milli sərhəd mühafizəsinin inkişafı strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyi vurğulanmış, DSX Akademiyasının artıq 11-ci buraxılışının məzunlarının ölkəmizin hüdudlarında dövləti maraqlarımızın müdafiəsi üzrə fəaliyyətlərinə başlayacaqları qeyd olunmuşdur.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­man­danı cənab İlham Əliyevin  rəh­bər­­liyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tap­şı­rıq­larının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları vurğulanmış, "Vətən Müharibəsi Qəh­rə­manı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması xüsusi qeyd edilmişdir. Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş  qəhrəman övladların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Preziden­tinə sa­diqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyə­lən­dirilməsində DSX Akade­miyasının komandir və peda­qoji heyətinin xüsusi rolu qeyd edilmişdir.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması, hərbi qulluq­çuların xidməti şəraitinin və sosial təmi­na­­tı­nın yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son bir il ərzində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlaması barədə mə­lu­mat verilmiş, dövlət sərhəd­lərimizin mühafizəsinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verə­cəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olun­muşdur. 

Mərasim başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev məzunların valideynləri ilə görüşərək onları təbrik etmiş, sonra  gənc sərhədçi-zabitlərlə xatirə foto­şəkli çəkdirilmişdir.  

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

f tw