+
-
10.03.2014
10.03.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti  tərəfindən 2014-cü ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 20 halda 39 nəfər saxlanılmış, onların 11 nəfəri Suriya, 7 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Nigeriya, 6 nəfəri Özbəkistan, 4 nəfəri İran İslam Respublikası, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən  Xəzər dənizində 14 halda 17 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 183 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 37 kiloqram 299 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Fevral ayının 13-də “Şirvanovka” sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Rusiyaya keçərkən Rusiya Federasiyasının vətəndaşı, 1967-ci il təvəllüdlü Qasımova Zuxra Kamalovnanın üzərinə baxış keçirərkən sinəsində gizlətdiyi 218 qram tiryək və 3 qram metanfetamin adlı dərman preparatı, "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Hüseynova Xəyalə Hüseyn qızının bədənində gizlətdiyi 180 qram heroin aşkar olunaraq götürülmüşdür.

Fevral ayının 14-də Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər İran İslam Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Şahimüqəddə Həsən 7 kiloqram tiryək, 350 qram heroin, 3270 qram marixuana ilə saxlanılmışlar.

Fevral ayının 15-də İrandan Azərbaycana keçərkən "Astara" sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Quliyev Sərxan Əvəz oğlunun üzərinə baxış keçirərkən ayaqqabısının içərisindən 215 qram həşiş, 30 qram tiryək, 5 qram heroin və 6 qram metanfetamin adlı dərman preparatı aşkar olunaraq götürülmüşdür.

Fevral ayının 21-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Bərdə rayon sakini, 1983-cü il təvəllüdlü Abdullayev Eyvaz Mahir oğlu 20,7 kiloqram həşiş qətranı və 50 qram kristal formada olan narkotik tərkibli maddə ilə saxlanılmışdır.  

Fevral ayının 22-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində “Opel-Astra” markalı AZ 90-BZ-469 dövlət nömrə nişanlı avtomaşın saxlanılmışdır. Bərdə rayon sakinləri, 1981-ci il təvəllüdlü Məmmədov Ruslan Şahmar oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Qaçay Vaqif oğlunun hərəkət etdikləri avtomobildə 3,2 kiloqram marixuana, 840 qram tiryək, 1 kiloqram həşiş qətranı, "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü İsmayılova Esmira Xəlil qızının bədənində gizlətdiyi 163 qram heroin aşkar olunaraq götürülmüşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 599 min manatdan çox olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança və pnevmatik tapança üçün 475 ədəd patron, 1 ədəd qaz tapançası və qaz tapançası üçün 2 ədəd qaz balonu, 1 ədəd gecəgörmə cihazı, 140 ədəd mobil telefon, 2593 qutu siqaret, 5478 ədəd pirotexniki vasitə,  müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və ərzaq malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamə­tində tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

f tw