+
-
05.11.2021
05.11.2021, 16:41 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində 5 noyabr tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurum­ları arasında futzal və stolüstü tennis üzrə yarışların final oyunları keçirilmişdir.   

Tədbirin açılışında Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanıl­mış tarixi Qələbənin ildönümünün ölkəmizin hər bir guşəsində böyük təntənə ilə qeyd olunduğu, müqəddəs savaşda şücaətlə döyüşmüş, qəhrə­manlıq nümunələri göstərmiş sərhədçilərin bu şanlı Zəfər gününü yüksək coşqu ilə qarşıladıqları vurğulanmışdır.

Çıxışda sərhədçilərin ölkəmizin adını hər zaman beynəlxalq idman tədbir­lərində, mötəbər yarışlarda zirvələrə ucaltdıqları qeyd olunmuş, hazırkı tədbirin sərhəd mühafizə strukturları arasında ilk Zəfər yarışı kimi  əlamətdar olması vurğulanmışdır.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Mansurov, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti polkovnik-leytenant Firdovsi Umudov çıxış edərək final mərhələsinə çıxmış bütün iştirakçılara qələbə əzmi və uğurlar arzulamışlar.

Sonra komandalar arasında futzal və stolüstü tennis oyunlarının final mərhələsinə start verilmişdir. Futzal üzrə 8 komanda arasında finala yüksəl­miş komandaların maraqlı və həyəcanlı mübarizəsinin qalibi “Çevikçilər”, II yerin sahibi “Vətən” komandası olmuş, III yeri “Şahinlər” komandası tutmuşdur. Qadınlar arasında stolüstü tennis üzrə final yarışmasının nəticəsinə görə I yerə baş miçman Günay Kərimova, II yerə kapitan Rəna Mehdiyeva, III yerə kapitan Ülkər Nəzirova çıxmışdır.

Tədbirin sonunda mükafatlandırılma mərasimi keçirilmiş, həmçinin ən yaxşı hakim, oyunçu və qapıçı nominasiyasında qaliblər təltifləndirilmiş,  komandalar ilə xatirə fotoşəkilləri çəkdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw