+
-
19.10.2021
19.10.2021, 10:26 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.

Bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çat­dırılmış, hazırkı mərasimin ölkəmizin tarixi Zəfərinin ildönümü döv­rünə təsadüf etməsi ilə əlamətdar olması vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəf­fər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən mühari­bə­sində Azərbaycan Respublikasının Ermənistan üzərin­də parlaq qə­lə­­bə qazandığı, üçrəngli bayrağımızın sərhədlərimiz boyunca dalğalan­dırıl­dığı, Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanı­mız  tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhəd­çilərin qəhrəmanlıq və igidlik nümu­nələri göstərdikləri qeyd olunmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq istifa­dəyə verilmiş Xüsusi Məktəbin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətən­pərvər, bilikli, savadlı sərhədçi kadrların yetişdirilməsində əhəmiy­yətli rolu qeyd olunmuş, tədris müəssisəsinin açılış mərasimində və 2018-ci ildə ikinci korpusunun istifadəyə verilməsi tədbirində Azərbaycan Respubli­ka­­­sının Birinci Vitse-Prezidenti Mehri­ban xanım Əliyevanın iştirak etmə­sinin döv­lə­ti­mizin sərhəd təhlükəsizliyi məsələlərinə gös­­tər­diyi ali qayğının göstəri­cisi olduğu vurğulanmışdır.

Fəaliyyətə göstərdiyi 10 il müddətində DSX Xüsusi Məktəbinə qəbul üçün müraciət sayının ilbəil artmasının tədris müəssisəsinin uğurlu fəa­liyyətinin, yeniyet­mələrdə sərhəd mühafi­zəsi sa­həsində hərbi təhsilə ma­rağın bariz göstəricisi olduğu qeyd edilmiş, Xüsusi Məktəbdə təhsil alan hər bir kursantın gələcəyin peşəkar zabiti, Vətənə layiqli övlad olacaqlarına əminlik ifadə edilmiş, onlara dərslərində yeni-yeni müvəffəqiyyətlər arzulanmışdır.  

Mərasim zamanı tədrisdə göstərdikləri yüksək nəticələrə görə məktəbin pedoqoji heyəti və kursantları təltifləndirilmişlər. Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzinin musiqi kollektivləri tərəfindən kursantlar üçün konsert proqramı təşkil olunmuşdur.

Tədbirin sonunda Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çək­diril­mişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw