+
-
21.09.2021
21.09.2021,13:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqla­rımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş şəhid-sərhədçi gizir Məhəmmədəli Ələkbərovun doğum günündə anım tədbiri keçirilmişdir.

Sentyabr ayının 20-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri şəhidin boya-başa çatdığı Ağstafa rayonunun Poylu kəndində məzarını ziyarət edib, gül çələngi qoymuşlar.

Şəhidin xatirəsinə yaradılmış abidə-bulaq kompleksində davam edən anım mərasiminə qatılanlar 2014-cü ildən Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul olunan Məhəmmədəlinin xidməti fəaliyyəti müddətində  çalışqanlığı, intizamı ilə seçildiyini, qazandığı bilik və bacarıqlarını Vətən müharibəsinin ilk günündən döyüş meydanında məharətlə nümayiş etdirdiyini bildirmişlər. Zəngilan şəhərinin azad olunması uğrunda əməliyyatlarda düşmən postlarının ələ keçirilməsində Məhəmmədəlinin xüsusilə fərqləndiyi, düşmənin əks-hücumunun qarşısını alarkən onun qəhrəman­casına şəhid olması qeyd edilmişdir.  

Sərhədçi şəhid Məhəmmədəli Ələkbərovun döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamları ilə onun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”“Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunması vurğulanmışdır.

Gizir Məhəmmədəli Ələkbərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, şəhidlərimizin xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinin ziyarət edilmə­sinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diq­qətin, şəhidlərə ifadə olunan ehtira­mı­nın bariz nümunəsi olduğunu bildirmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw