+
-
10.08.2021
10.08.2021, 10:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.   

Cari ilin avqust ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmış bir ədəd şübhəli bağlama aşkarlanmışdır. Bağlamaya keçirilmiş baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram “tiryək”ə bənzər narkotik vasitə aşkar olunaraq götürülmüş, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılmışdır.

Ayın 7-də saat 23:00-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində dənizdə rezin qayıqda batma təhlükəsi ilə üzləşən 1 nəfər şəxsin köməklik göstərilməsi üçün müra­ciət etməsi barədə məlumat daxil olmuşdur. Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində üzmə vasitəsinin “Ələt” sahil nəzarəti bölməsi istiqamətində sahildən təx­minən 1 km məsafədə yerləşməsi müəyyən edilmiş, 2 nəfərdən ibarət heyətlə əraziyə göndərilmiş itisürətli kater tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi sakini 1964-cü il təvəllüdlü Əsgərov Dünyamalı Əsgər oğlu xilas edilmişdir.  

Növbəti gün saat 13:50 radələrində Xəzər dənizinin mərkəzi istiqamətində “Amburan” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən sahildən təxminən 740 metr məsafədə 1 nəfər şəxsin batma təhlükəsi ilə üzləşməsi müşahidə edilmişdir. Qeyd olunan istiqamətə dərhal gəminin itisürətli kateri göndərilərək Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həşimov Vüqar Ədalət oğlu xilas edilmiş və onun sahilə təxliyəsi təmin olunmuşdur.

 

     Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw