20 dekabr 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin 2013-cü ildə xidməti –döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir.
Azərbaycan Sərhəd Mühafizəsi üçün 2013-cü il dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində geniş miqyaslı tikinti-quruculuq işləri, qarşıya qoyulmuş xüsusi tapşırıqlarının icrası və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olmuşdur.
Bu uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi önəm verməsi nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Lənkəran sərhəd dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün inşa olunmuş yeni xidməti və yaşayış şəhərciyi kompleksinin açılış mərasimində iştirak etməsi, sərhədçilərə xidmətə mənzillərin orderlərini təqdim etməsi, DSX-nin hərbi qulluqçularını 5 orden, 37 medalla təltif etməsi ,3 zabiti ali hərbi rütbəli vəzifəyə təyin etməsi, 1 zabitə “general-mayor” hərbi rütbəsini verməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
2013-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş nailiyyətlər sırasında:
- 23-26 avqust 2013-cü il tarixlərdə Xəzər dənizinin “Bulla-dəniz” yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində DSX əməkdaşlarının sərrast atəşləri nəticəsində quyunun ağzının yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənməsi, nəticə etibarilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması;
- Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar hərbi paradda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən yeni alınmış hərbi texnikaların nümayiş etdirilməsi, sərhəd aviasiya tərəfindən ilk dəfə olaraq hərbi paradda altılıq tərkibində nümayiş uçuşlarının yerinə yetirilməsi.
- avqust ayının 13-14 tarixlərində DSX-nin təlim mərkəzində “Azərbaycan Respublikasının ərazisinə düşmən qoşun qruplarının hücumlarının qarşısının alınması, terror təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki təlimlərin keşirilməsi, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi;
-sərhəd aviasiyası tərəfindən dövlət sərhədinin dəniz və quru sahələrində ilk dəfə olaraq patrul nəzarəti uçuşlarının həyata keçirilməsi;
- Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin təmin olunması;
- 2014 -2024 –cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramının layihəsinin hazırlanması;
- Azərbaycan Respublikasında Silahlı Qüvvələrdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi, bu görüşlərin müddətli hərbi qulluqçularla təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün çox əhəmiyyətli olması qeyd olunmuşdur.
Dövlət Sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2013-cü ildə dövlət sərhədini pozduğuna görə 515, sərhəd rejimi qaydalarını pozduqlarına görə 18 min 158 nəfər saxlanılmışdır.
Sərhəd pozucularının 46% Azərbaycan, 16,5% Özbəkistan, 8,2% İran, 4,9% Gürcüstan, 4,7% Moldova , 3,9% Əfqanıstan
3,5% Nigeriya, 2,7% Rusiya, 2,3% Türkiyə, 7,3% digər ölkə vətəndaşları olmuşlar.
Hesabat dövründə sərhəd naryadlarına qarşı 1 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilmişdir.Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən 1 silah sərhəd pozucusu zərərsizləşdirilmişdir.
İl ərzində 2303 nəfər axtarışda olan şəxs tutulmuş, 339 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 12 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmışdır.
2013-cü il ərzində 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulmuş, 150 kq 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.25,8 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.
Hesabat dövründə qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, qaçaqmalçılıq , narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir;
Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistana məxsus 1, Qazağıstana məxsus 1 gəmiyə, Azərbaycana məxsus 488 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilmiş.AR-ə məxsus 55 gəmi, RF-ya məxsus 8 gəmi, İİR-ə məxsus 1 gəmi , Qazaxıstana məxsus 1 gəmi və AR-ə məxsus 274 qayıq barəsində zəruri tədbirlər görülmüşdür.
Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri – 35 min metr tor və 500 ədəd qarmaq yığılmışdır.
Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş , 267 binadan ibarət 21 tikinti kompleksinin əsaslə təmir –tikintisi, hərbi hissələrdə zabit- gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilmişdir.
Hesabat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim olunmuşdur.