+
-
11.11.2013
11.11.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin oktyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 24 halda 28 nəfər saxlanılmış, onların 11 nəfəri Azərbaycan Respublikası, 10 nəfəri Özbəkistan, 3 nəfəri Əfqanıstan, 2 nəfəri Türkiyə, 1 nəfəri İran İslam Res­pub­likası və 1 nəfəri Tacikistan vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 halda 26 nəfər, Xəzər dənizində 34 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 254 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbir­ləri nəticəsində 6 halda 4 kiloqram 296,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Oktyabr ayının 5-də “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən İİR vətəndaşları Dehasi Yusif Hüseynin üzərindən 17 ədəd, Səfəri Çodmand Məhbubun üzərindən isə 20 ədəd “Metadon” həbi, oktyabrın 19-da “Astara” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Astara rayon sakini Ağayeva Esmira Səməd qızının bədənində gizlətdiyi 48,2 qram heroin və 1,7 qram tiryək, oktyabrın 24-də “Astara” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Lənkəran rayon sakini Həbibova Mehri Xaliq qızının bədənində gizlətdiyi 133 qram heroin  aşkarlanaraq götürülmüşdür.

Oktyabr ayının 31-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşının 3,1 kq tiryəki və 1 kq marixuananı dövlət sərhədindən keçirməsinin qarşısı alınmışdır. Sərhəd pozucuları əllərindəki narkotik vasitəni hadisə yerində ataraq geriyə İran ərazisinə qaçmağa müvəffəq olmuşlar.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 40 halda ümumi dəyəri  təqribən 67,8 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança, 1 ədəd 4,5 mm-lik pnevmatik avtomat, ov tüfəngi üçün 4,3 kq qırma, 50 kq barıt, 131 ədəd patron, 8 ədəd dəyənək, 9 ədəd qandal, 7 ədəd beşbarmaq, 3 ədəd minaaxtaran cihaz, 21,5 kq zinət əşyaları, 3259 qutu siqaret, 80 ədəd mobil telefon, müxtəlif dərman preparatları, spirtli içki və digər istehlak malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

                                                                                                                                                                                                                      Dövlət Sərhəd Xidmətinin Мətbuat Мərkəzi

f tw