+
-
08.06.2020
08.06.2020, 11:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir. Sərhəd­çilərimizin sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixo­trop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.

Cari ilin 2 iyun tarixində, saat 01:30 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomobil yolunda Ağalı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli “Qazel” markalı 99-JG-082 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq qaçmağa çalışarkən avtomobilin sürücüsü ilə birlikdə saxlanılmışlar.

Saxlanılan şəxslərin 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Eyvazov Tahir Nəsrulla oğlu və 1981-ci il təvəllüdlü Ağcabədi rayon sakini Məmmədov Rəşad Vidadi oğlu olması müəyyənləşdirilmiş, avtomobildəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 350 qram narkotik vasitəyə (4 kq 265 qr “heroin”ə, 2 kq 10 qr “metamfetamin”ə, 2 kq 5 qr “tiryək”ə, 1 kq 70 qr “marixuana”ya və 490 ədəd dərman preparatına) oxşar maddələraşkar olunaraq götürülmüşdür. 

Araşdırma zamanı R.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsinin əməkdaşı olduğu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanına” məxsus olması müəyyənləşdirilmişdir.

Fakt üzrə cinayət işi başlanılmış, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barələrində “həbs” qətimkan tədbiri seçilmişdir.

 

                             Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

 

 

f tw