+
-
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sərhəd mühafizə sisteminin yaradılması və inkişafı (yanvar 1992–yanvar 2012-ci illər)
Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədi ilə Sərhəd Qoşunlarının tərkibində 1994-cü ilin avqust ayının 12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

Dahi Öndər Heydər Əliyevin Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün xüsusilə əhəmiyyətli oldu. Ulu Öndər Heydər Əliyevin 1996-cı ilin dekabr ayının 16-da, 2001-ci ilin avqust ayının 19-da Sərhəd Qoşunlarının ildönümlərinə həsr olunmuş mərasimlərdə iştirakı, 2002-ci ilin mart ayının 6-da Sərhəd Qoşunlarının illik hesabatını qəbul etməsi, 2003-cü ilin fevral ayının 6-da Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə görüşməsi, sərhəd mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün verdiyi göstərişlər milli sərhəd mühafizəsinə yüksək qayğının nümunəsi oldu. 2001-ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən Ulu Öndər sərhədçilərin qarşısında beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi vəzifələr qoydu.

2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.

2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı. 2005-ci ilin fevral ayının 18-də cənab Prezidentin Fərmanı ilə sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaratdı. DSX-nin Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanları xeyli inkişaf etdirildi, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edildi, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırıldı.

2005-ci ilin dekabr ayının 27-də "Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı" təsdiq edildi.