22 fevral 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilmişdir.
Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Vətənin, dövlətin mənafeyi naminə qanından və canından keçməyə həmişə hazır olan, bunu xidməti-döyüş fəaliyyəti ilə dəfələrlə nümayiş etdirən Azərbaycan sərhədçisinin Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olmasını, Azərbaycan Respublickasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələlərinə böyük önəm verilməsi, ali diqqət və qayğı göstərilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrinin hər bir Azərbaycan sərhədçisinə etibar və etimadın növbəti ifadəsi olması, şəxsi heyətə böyük qürur hissləri yaşatması qeyd olunmuş, yaxın müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işlərinin tam yekunlaşdırılacağı bildirilmişdir.
Hazırda dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəritində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqətinin, döyüş ruhunun, vətənpərvərliyinin, düşmənə nifrətinin hədsiz və hüdudsuz olması xüsusi vurğulanmışdır.
2016-cı ilin aprelində əks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsinə, düşmən üzərində qələbənin əldə olunmasına Azərbaycan sərhədçisinin ciddi töhfə verməsi qeyd olunmuşdur.
Ən yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, düşmən üzərində son qələbənin əldə olunmasında Azərbaycan sərhədçisinin də böyük şərəflə iştirak edəcəyinə və azad ediləcək dövlət sərhədlərində dövlət bayrağımızın dalğalanacağına əminlik ifadə olunmuşdur.
Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərə gələcək xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələrə nail olmaları arzulanmışdır (Dövlət Sərhəd Xidməti rəisinin çıxışının mətni əlavə olunur).
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaları barədə məsləhət və nəsihətlərini çatdırmışlar.
Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunmuşdur.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.
Andiçmədən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşmüş, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirmiş, oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri münasibətilə hər bir valideyni təbrik etmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi
Gənc əsgərlərin andiçmə mərasimində
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin
ÇIXIŞI
Cənab generallar, zabitlər,
gizirlər, çavuşlar və əsgərlər!
Əziz sərhədçilər!
Hər birinizi təntənəli mərasimdə salamlayır, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi kimi müqəddəs vəzifənin icrasına başlayan və bu gün komandirləri, valideynləri qarşısında əsgəri şərəf andını verən hər bir sərhədçimizi bu əlamətdar gün münasibətilə təbrik edirəm!
Heydər Əliyev dühasından doğan, vətənpərvərlik və sadiqlik, igidlik və fədakarlıq məktəbi olan Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti sıralarına xoş gəlmisiniz deyirəm, əziz övladlar!
Bütün həyatınız boyu böyük iftixar hissləri ilə xatırlayacağınız bu məqamda Sizlərlə birgə olmağımla fəxr edirəm!
Əziz sərhədçilər!
2019-cu ilin avqust ayında 100-cü ildönümünü böyük təntənə ilə qeyd edəcəyimiz Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti şanlı keçmişi, rəşadətli bu günü ilə qürurludur və sabahına inamla baxır!
Dövlət sərhədlərinin etibarlı mühafizəsinin və müdafiəsinin təmin edilməsi sahəsində əldə olunan bütün uğur və nailiyyətlər, dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhədçilər üçün lazımi xidməti və məişət şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali dəstəyinin, sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi qayğısının nəticəsidir. Hər bir hərbi qulluqçumuzun hiss etdiyi bu ali münasibət bizim üçün həm böyük şərəf, həm də daha böyük məsuliyyətdir.
Qəlbində vətənpərvərlik və Ali Baş Komandana sadiqlik hisslərini daima yaşadan Azərbaycan sərhədçisi hər zaman Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətəni Azərbaycana xidməti ilə qürurludur.
Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sursatla təchiz olunmuş, istənilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadir hərbi qurumdur. Qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nəzarətinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunmuş ən ciddi nailiyyətlərdəndir.
2016-cı ilin aprelində əks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsi zamanı keçirilmiş uğurlu əməliyyatlar düşməni döyüş əməliyyatlarını dayandırmasına məcbur etdi və bu qələbənin əldə olunmasına Azərbaycan sərhədçisi öz ciddi töhfəsini verdi.
Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrini almağımız hər birimizə qürur hissləri yaşatmış, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olmuşdur.
Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviyyədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olunmuşdur, yaxın müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işləri tam yekunlaşdırılacaqdır.
Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdudsuzdur!
Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımız düşmən tapdağından azad ediləcəkdir!
Əminəm ki, düşmən üzərində son qələbənin əldə olunmasında Azərbaycan sərhədçisi şərəflə iştirak edəcək, döyüş tapşırıqlarını uğurla, qalibiyyətlə icra edəcəkdir!
Əminəm ki, ötən ilin 15 iyununda bu hərbi hissədə başlamaqla çiyinlərimizdə “Zəfərə doğru” daşıdığımız müzəffər bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə dalğalandıracaq, dövlət sərhədlərimizin bütövlüyünü təmin edəcəyik!
Çünki hədəfimiz dövlət sərhədində dövləti maraqların müdafiəsidir!
Çünki amalımız – dövlət sərhədlərimizin toxunulmazlığıdır!
Çünki Azərbaycan sərhədçisi Böyük Öndər Heydər Əliyev dühasına sədaqətin müsəlləh əsgəridir!
Əsas məqsədimiz – dövlətçiliyimizin daha güclü, daha qüdrətli olmasına, dövlətimizin dünyanın ən təhlükəsiz ölkələrindən olmasına öz sərhədçi töhfəmizi verməkdir!
Əziz valideynlər!
Övladınızın sərhədçi əsgər andını qəbul etməsi münasibətilə Sizi təbrik edir, Vətənimizə layiqli oğul, dövlətimizə ləyaqətli vətəndaş yetişdirdiyinizə görə hər birinizə dərin minnətdarlığımızı bildirirəm!
Əziz sərhədçilər!
Bir daha bu əlamətdar gün münasibətilə hər birinizi təbrik edir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında gələcək xidməti-döyüş fəaliyyətinizdə uğur və müvəffəqiyətlər arzulayaraq deyirəm:
YAŞASIN AZƏRBAYCAN,
YAŞASIN ALİ BAŞ KOMANDAN!