+
-
03.08.2018
03.08.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixo­trop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alın­ması istiqamətində tədbirlər davam etdirlir.

01 avqust 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qul­luqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qa­çaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınmışdır.

Hadisə DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş vermişdir. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunmuş və nə­zarətə götürülmüşdür.

Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkar­landıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlamış, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçmişlər.

Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt “Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda “MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunmuşdur.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılmışdır.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw