Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Dövlət Sərhəd Xidməti Aparatında, Sahil Mühafizəsində, DSX Akademiyasında və Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirlərdə çıxış edənlər xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi tarixə daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat vermiş, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməməsi, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirilməsini qeyd etmişlər. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanmışdır.
Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız Ümummillu Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilmişdir. Ulu Öndər 20 yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalamışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, süverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə tədbir iştirakçlarına ətraflı məlumat verilmişdir.
Tədbirlərdə 20 yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi