+
-
10.05.2016
10.05.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 7-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında faşizm üzərində qələbənin 71-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurası sədrinin müavini Cəlil Xəlilov, Xətai rayonunun Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Şurasının sədri Nəcibə Məhərrəmova və müharibə veteranları iştirak etmişlər.

Tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 min nəfərdən cox insanın müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 123 nəfər həmyerlimizin “Sovet İttifaqı Qəhrəmanı” adına və 170 min nəfərin müxtəlif orden və medallara layiq görülməsindən, Azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışmışlar. Ölkəmizdə 1941-1945-ci illərdə faşizm üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara göstərilən diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır.

Yaxın zamanlarda Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən erməni faşistlərinə layiqli cavab veriləcəyinə, dövlətimizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin  Azərbaycan dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunmuşdur.

Akademiyanın rəisi polkovnik Elşən Verdiyev veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyini, xalqımızın Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıq və rəşadətin gələcək nəsillərə daim nümunə olacağını bildirmişdir.

Tədbirdə iştirak edən veteranlara hədiyyələr təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.

Sonda Böyük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş  etdirilmişdir.

           

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw